PEYĞƏMBƏRLİK EYVANININ SƏDRİNİN NƏTİ
Qalx, döy bu qapını aşiqsənsə sən,
Çalış peyğəmbərin tut ətəyindən
Onun məhəbbəti hər şeydir inan,
Onun qayğısıdır hər dərdə dərman.
Özgəsi boş addır, o, məna tamam!
Ancaq o, yetkindir, başqaları xam.
Bu sonsuz göylərdə uçan mələklər
Deyillər yolunun torpağı qədər.
Hərə bir ov üçün özünü yordu,
Hədəfə oxu düz ancaq o, vurdu,
İnsan qapısında yetər murada,
Bu qapı-bacanı sən burax yada.
Odur kainatda insan da,ər də!
Həm dinə, həm dərdə sahib gövhər də!
Adəmin kitabı ilk quranıdır.
İdrisin sandığı qələmdanıdır,
Ona beyət edib, durmuş kilsələr
Naquslar sükutla ömür keçirər.
Yaxşı adlılıqdan başında var tac,
Bütün gecələri olubdu merac.
Yanında gecədən etmə hekayət,
Onun tək çıraqla nədir şikayət?!
Doqquz göy, dörd ünsür gövhəri odur,
Doqquz bürc, beş rüknün əxtəri odur.
Onun kölgəsidir göylərdəki nur,
Mələklər önündə xidmətdə durur.
Ayı barmağıyla bölübsə əgər,
Yumruğu önündə günəş neyləyər?!
Göydə ay əlində olan bir nəfər
Göylərin yolunu çox asan gedər.
Saxlayar günəşi merac gecəsi,
Göyün zirvəsində durar xeyməsi.
Ondan aşağıda qalmış Tir, Zühəl,
Dünyanın sirrini eyləmişdir həll.
Ən çətin sirlərə olmuşdur agah,
Şərh etmiş onları, həm vermiş izah.
Qeybdən doxsan min söz gəlib haman
Bir anda könlünə olmuşdur əyan.
Bir anda göylərə gedib qayıtmı_,
Allahı görərək vüsala çatmış.
Qalxarsa əhmədin mimi aradan,
Yerində bir "əhəd" qalar o zaman.
Cəbrayıl bələdçi, o, yol biləndir,
Onun buyruğuyla ruhu sevindir.
Fələk büsatındır, ulduzlar əskər,
Səninlə şadlığa yetişdi bəşər.
Haşimi nəsəbli, Qüreyş əsilli,
Məkkə, Mədinənin nurudu, bəlli.
Gəlir fəth bayrağı nur dünyasından,
Səba ordusuna öncüldür hər an.
Doqquz qat göyləri keçmiş məbəri,
O ərşi-əlanı seçmiş mənbəri.
Möcüzü daşlara dil bağışlayar,
Xülqündən ölülər canlanıb durar.
Hesab çəkiləndə, gələndə məhşər.
Sənə ümmət olar büsbütün bəşər.
Nuru, ziyasilə şəriətinin
Tutmuşdur dünyanı dörd yarın sənin.
Bizdən və tanrıdan yağışlar qədər
Sənə, yarlarına olsun rəhmətlər!
Marağalı əvhədi